Rusiyada aviailetlərin qiyməti qalxacaq - Bəs Azərbaycanda?

11:15 12.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

AZAL-ın qiymətləri bazar münasibətlərinə və epidemiya şəraitinə uyğun tənzimlənmir

Xəbər verildiyi kimi, koronavirus pandemiyasına qarşı peyvəndləməyə görə apreldə vəziyyət stabilləşməyə doğru gedəcək və ölkələr arasında aviauçuşların bərpasına başlanacaq.  Hesab edilir ki, 1 il ərzində xeyli itkiyə məruz qalmış aviaşirkətlər qiymət artımına getməyə məcburdurlar.  Aprel ayından başlayaraq Rusiya aviabiletlərində sürətli qiymət artımının olacağı və bu prosesin Azərbaycandan da yan keçməyəcəyi söylənilir. Qiymət artımının sərnişinlərin, ümumilikdə ölkənin sosial-iqtisadi vəziyyətinə hansı təsirləri göstərəcəyi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.  

İqtisadçı ekspert Qadir İbrahimli “Həftə içi”nə bildirib ki, pandemiya dövründə uçuşlar azalıb və aviaşirkətlər bununla bağlı gəlirlərinin böyük bir hissəsini itirməyə məcbur olublar.

“Aviaşirkətlərin itkilərini kompensasiya  etmək üçün qiymət artımına getmələri nəzəri və praktiki cəhətdən mümkündür”.

İqtisadçı ekspert hesab edir ki, AZAL-ın təklif etdiyi qiymətlər pandemiya dövrü ilə müqayisədə, ən azı, iki dəfə çoxdur. Azərbaycan bu baxımdan Rusiyanı çox-çox üstələyib. Buna baxmayaraq, ekspert Rusiyada olduğu kimi, Azərbaycanda da qiymətlərin pandemiyadan sonra yenidən qaldırılacağını istisna etməyib.  O, AZAL-ın əhalinin pandemiya ilə bağlı iqtisadi vəziyyətinin pisləşməsini əsas götürərək, uçuşlarda hər hansı güzəştlər edəcəyini də mümkünsüz sayıb.

“Qiymətlərin enəcəyi ilə bağlı xülyalar qurmağa ehtiyac yoxdur. Böyük ehtimalla ancaq qalxa bilər. Bu qiymət artımı hesab edirəm ki, nə əhalinin vəziyyətinin yaxşılaşması, nə də iqtisadiyyata heç nə verməyəcək.  Bu sadəcə AZAL-ın koorparativ maraqlarından irəli gələn bir məsələdir. Pandemiya dövründə AZAL-a işini qarşılamaq üçün 80 milyon manat ayrıldı. AZAL isə qeyd edir ki, ziyanla işləyir.

Yaxşı, ziyanı dövlət qarşılayırsa, qiymət artımına nə ehtiyac var? Bu baxımdan hesab edirəm ki, AZAL-ın qiymətləri bazar münasibətlərinə və epidemiya şəraitinə uyğun tənzimlənmir. Bu, hansısa şirkətin koorparativ maraqlarından doğan bir məsələdir. Daha çox mənfəət əldə etmək və onu hansısa formada mənimsəmək kursu götürülüb. Bu kursdan da nə ölkə iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı və digər sərnişinlər fayda görəcək.  Burada qazanan AZAL olacaq”.